Tuesday, 27 August 2024 14:48

“Caspian Energy Club” beynəlxalq biznes “networking”i üçün “4Business.Club” innovativ onlayn platformasını istifadəyə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərindən sonra “Caspian Energy Club” tərəfindən innovativ “4Business.Club” onlayn platforma yaradılıb. Bu barədə “Caspian Energy Club International” və “4business.Club” layihəsinin idarəedici direktoru Günel Quliyeva məlumat verib.

Günel Quliyevanın sözlərinə görə, “Caspian Energy Club” avqustun 26-dan etibarən “4Business.Club” platformasını istifadəyə verir. Platforma Azərbaycan və Özbəkistan şirkətləri ilə yanaşı, bu ölkələrdə fəaliyyət göstərmək istəyən digər ölkələrin nümayəndələri arasında daimi və məhsuldar dialoqu təşviq etmək məqsədini güdür.

Layihəyə əsasən Azərbaycanda ofisi və ya nümayəndəliyi olmayan sahibkarlar və şirkətlər üçün nəzərdə tutulub. Platformanın yaradılmasında məqsəd işgüzar dairələr arasında daha sürətli və səmərəli qarşılıqlı əlaqələrin qurulması, fikir mübadiləsinin təşviqi, şirkətlərin öz xidmət və məhsullarını təqdim etməsi, eləcə də yeni bazarlara çıxış imkanlarının yaradılmasıdır.

“İlkin mərhələdə biz “International B2B Forum” və “CEO MeetUp” formatlarında aylıq tematik onlayn tədbirlər təşkil etməyi planlaşdırırıq. Bu tədbirlər şirkətlərə öz suallarına cavab tapmağa, təcrübə mübadiləsi aparmağa və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi ölkələrdəki sahibkarlarla əlaqə qurmağa imkan verəcək”, — deyə Günel Quliyeva bildirib.

“4business.Club” fərdi bizneslərə yeni bazarlara daxil olmağa, potensial müştərilər tapmağa və tələblərə uyğun məhsul təkliflərini formalaşdırmağa kömək etmək məqsədilə yaradılmış bir platformadır. “4business.Club” şirkətlərə yeni bazarlar haqqında məlumat toplamaq və xarici ticarət platformalarına daxil olmaq üçün daha yaxşı hazırlıq görmək imkanı təqdim edəcək.

“Caspian Energy Club”ın rəhbərliyi, “4business.Club” innovativ onlayn platforması şirkətlərə müxtəlif ölkələrdə öz bizneslərinin perspektivlərini əvvəlcədən qiymətləndirmək, həmçinin potensial müştəriləri və hədəf auditoriyalarını dərindən öyrənmək imkanı verəcəyinə əmindir. Platforma həmçinin “networking”in genişlənməsinə və qarşılıqlı investisiyaların artmasına töhfə verərək strateji tərəfdaşlıq və əməkdaşlıqların yaradılması üçün effektiv bir alətə çevriləcək.

“Biz əminik ki, bu təşəbbüs iri korporasiyalarla yanaşı müxtəlif ölkələrin kiçik və orta biznes nümayəndələri arasında işgüzar əlaqələrin inkişafı üçün katalizator olacaq. Eyni zamanda, ticarət dövriyyəsinin artmasına və biznes əlaqələrinin möhkəmlənməsinə kömək edəcəkdir. Pandemiya zamanı keçirdiyimiz onlayn tədbirlərin təcrübəsi bu cür platformaların əhəmiyyətini bir daha sübut etdi. “Azərbaycan-Gürcüstan-Türkiyə” və “Azərbaycan-Özbəkistan” onlayn forumları karantin şəraitində belə bir çox şirkətlərə yeni bazarlara çıxış imkani yaratdı. Ümid edirik ki, “4Business.Club” innovativ onlayn platforması bu uğurlu təcrübəni davam etdirəcək və sahibkarlar üçün yeni üfüqlər açacaq”, - deyə Günel Quliyeva əlavə edib.

Qeyd edək ki, yeni yaradılmış platformaya illik 360 dollar ödəməklə qoşulmaq mümkündür. Günel Quliyevanın sözlərinə görə, belə aşağı qiymət orta və kiçik biznes nümayəndələrinə yeni xidmətdən faydalanmaq imkanı yaratmaq istəyindən irəli gəlir.

Platforma interfeysi bir neçə dili dəstəkləyəcək və bu da öz növbəsində beynəlxalq auditoriya üçün əlçatanlığını təmin edəcək.

 

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 216 times

 

NEWS